“8 Noyabr” stansiyası nə vaxt açılacaq?
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hesabatında qeyd edilir.
Bildirilir ki, 2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir: “Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur”.
Qeyd edilib ki, böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb: “Metro insanların sağlamlığının qorunması, “COVID-19” bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib.
Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımi tədbirləri yerinə yetirsə də, son nəticədə müvafiq şəraitdə yeraltı nəqliyyatın sərnişin daşınmasındakı iştirakı məqbul hesab edilmədi. Amma bununla belə metro gələcəkdə daşımaların daha rahat, xidmət mədəniyyətinin daha yüksək, hərəkətin daha təhlükəsiz olması üçün fəaliyyətini davam etdirir və çoxdan darıxdığı sərnişinlərini hər an qarşılamağa hazırdır”.
İkisahil.az