ABŞ gəmisinin icazəsiz patrul etməsi Hindistanın narazılığına səbəb oldu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Lakşadvip arxipelağının sularındakı Hindistana aid iqtisadi zonada ABŞ donanması gəmisinin manevr etməsi Yeni Dehlidə etirazlara səbəb olub.
Hindistan Xarici İşlər Nazirliyi, ABŞ Hərbi Dəniz Qüvvələrinin “John Paul Jones” adlı raket atan gəmisinin Hindistana aid iqtisadi zonaya girməsinə etiraz edərək, Yeni Dehlinin Vaşinqtona qarşı “narahatlığını” elan edib.
ABŞ Hərbi Dəniz Qüvvələri, keçən həftə çərşənbə günü ABŞ Donanmasının Hindistan sularında icazəsiz manevri ilə əlaqədar bir bəyanat yayaraq “John Paul Jones”un beynəlxalq qanunlar çərçivəsində patrul etmək hüququna sahib olduğunu iddia edib.
Hindistan Xarici İşlər Nazirliyi isə cümə günü bu hərəkəti və ABŞ Hərbi Dəniz Qüvvələrinin sonrakı iddiasını rədd edərək Hindistan hökumətinin açıq və bəyan edilmiş mövqeyinin BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının mövqeyi ilə eyni olduğunu vurğulayıb.