Konstitusiya Məhkəməsinin sədri Türkiyə səfiri ilə görüşüb
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
F.Abdullayev səfirə diplomatik fəaliyyəti dövründə dost və qardaş Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğunu, bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində də əlaqələrin daha da dərinləşməsində verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
İki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini qeyd edən F.Abdullayev ulu öndər Heylər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçılarımızın müstəsna rolunu vurğulayıb.
Söhbət zamanı Konstitusiya Məhkəməsinin sədri iki ölkənin hər zaman bir-birinin yanında olduğunu, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində parlaq qələbəsinin Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqının qələbəsi kimi qəbul edildiyinə görə sevincini diqqətə çatdırıb. Göstərdiyi mənəvi dəstəyə görə Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinə, habelə bütün qardaş Türkiyə xalqına və Türkiyə Ali Dövlət qurumlarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adından bir daha təşəkkürünü ifadə edib.
Səmimi sözlərə görə minnətdarlıq edən səfir Erkan Özoral diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi ölkələrimizin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib. Hörmətli qonaq 30 il davam edən işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağının qaldırılması ilə bağlı xalqımızın sevincini daim xatırlayacağını bildirib.
Səfir Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin strateji əməkdaşlıq xarakteri daşıdığını vurğulayıb.
Görüşün sonunda F.Abdullayev E.Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb və xatirə şəkilləri çəkilib.
Apa