Əli Şəmxani: ABŞ hərbiçilərinin İraqdan çıxarılması sabitliyi gücləndirəcək
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin rəsmi dəvəti ilə Tehrana səfər edən İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əraci, bu gün günortadan sonra iranlı həmkarı ilə görüşüb.
Bu görüşdə Şəmxani bölgədəki qeyri-sabitliyin səbəblərini açıqlamış və ABŞ-ı mütəşəkkil terrorizmin ən böyük amili hesab edib. O, təkid edib ki, ABŞ hərbiçilərinin İraqdan çıxarılmasına dair qanunun icrasının sürətləndirilməsi sabitləşmə prosesini gücləndirəcək.
İraqdakı İŞİD terror qruplaşması ilə əlaqəli ünsürlərin yenidən aktivləşməsindən narahatlığını dilə gətirən Şəmxani bildirib: “Amerikalıların İraqda davamlı qalmalarına yol açmaq üçün İŞİD qüvvələrini himayə edərək sabitliyi pozmağa çalışdıqları barədə etibarlı məlumatlar vardır.”
İraqın milli təhlükəsizlik müşaviri Qasim Məhəmməd Cəlal Əl-Əraci də öz çıxışında İranın bölgədə sabitlik və təhlükəsizliyin qorunmasında və terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirib və İran ilə İraq arasında hərtərəfli əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb.