Azərbaycanda daha 2 həkim nöqsanlara görə işdən çıxarılıb
Azərbaycanda COVID-19 əleyhinə aparılan vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumların apardığı araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir.
Report