Azərbaycanın növbəti 3 ay üzrə neft hasilat öhdəlikləri təsdiqlənib

Azərbaycanın növbəti 3 ay üzrə neft hasilat öhdəlikləri təsdiqlənib

“OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.

Energetika Nazirliyindən verilən məlumata görə, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, hasilatın tədricən artırılması və ixtisarların yumşaldılması bazardakı vəziyyətə adekvatdır və tənzimləmə prosesinə öz töhfəsini verəcək: “Son vaxtlar qlobal neft bazarının balanslaşmaya meyillənməsi, kommersiya neft ehtiyatlarının azalması və neftin münasib qiymət dəhlizinin nisbətən sabitləşməsi müşahidə edilir. Bu aspektdə, üç aylıq qrafik üzrə hasilat planlarımızın icrasına başlanması üçün vəziyyət münasibdir. Neft bazarında müsbət tendensiyalarla yanaşı, eyni zamanda, risklərin hələ də qalması hasilat artımının nəzərdə tutulan həcmlər çərçivəsində olmasını, kvotaların aşılmamasını və kompensasiyaların yerinə yetirilməsini zəruri edir. Hesab edirəm ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının öhdəliklərinə sadiqliyi irəlidə də neft bazarına lazımi dəstəyi təmin edəcək.”

Xatırladaq ki, 2021-ci ilin 1 aprel tarixində “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 mln. barrel, iyunda, 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel həcmində olmasına dair üç aylıq plan qəbul edilmişdir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =