Ayətullah Xamenei Cavad Zərifin qalmaqallı müsahibəsinə münasibət bildirib

Ayətullah Xamenei Cavad Zərifin qalmaqallı müsahibəsinə münasibət bildirib

“Bizim ölkədə xarici siyasəti ölkə rəsmiləri Milli Təhlükəsizlik Ali Şurasında təyin edir. Xarici İşlər Nazirliyi də öz metodları ilə bunu icra etməlidir. Elə danışmaq lazımdır ki, o danışıqdan ölkənin siyasətini qəbul etməmək anlaşılmasın və düşmənlər deyilən bu məsələlərdən sevinməsinlər.”

Bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ötən gün canlı yayımla çıxışında deyib.

İranda son günlərin cari siyasi proseslərilə bağlı tövsiyələrini verən Ayətullah Xamenei ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı müsahibəsinə də münasibət bildirib və bu müsahibədə deyilənlərə irad tutub.

“Bütün ölkələrdə xarici siyasəti yuxarı istansiyalar müəyyənləşdirir. Xarici İşlər Nazirliyi bu siyasətin müəyyənləşdirilməsində iştirak edə bilər, amma həlledici qərar vermir. Xarici İşlər Nazirliyi icra edəndir” deyə, Ali lider Məhəmməd Cavad Zərifin müsahibəsinə irad tutub.

O həmçinin bildirib ki, vaxtilə mərhum Qasim Süleymaninin rəhbərlik etdiyi Qüds korpusu ölkəyə böyük xidmət göstərib və ölkənin xarici siyasətinin passiv olmasına imkan verməyib.

Xatırladaq ki, İranın Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin keçmiş siyasi proseslərin arxivləşdirilməsi üçün Cavad Zərifdən aldığı müsahibə bir ay sonra Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi “İran İnternational” telekanalından yayımlanıb. İran rəsmiləri bu müsahibənin “oğurlandığını” bildiriblər.

Cavad Zərif burada dövlət, hərbi və təhlükəsizlik qurumları arasında cari məsələlərlə bağlı ixtilaflarından, ölkə diplomatiyasının hərb meydanının lehinə işlədiyini, hərb meydanının diplomatiya üçün lazımi işlər görmədiyini, eləcə də Rusiyanın, nüvə sazişinin baş tutmaması üçün yaratdığı maneələrdən söz açıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 6 =