DİM: İmtahan nəticələri bayramdan sonra elan olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayı ərzində dövlət qulluğuna qəbul, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahan, həmçinin beynəlxalq GRE və TOEFL imtahanları keçirilib.
Mərkəzdən bildirilib ki, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı aprelin 11-də keçirilib. Bu imtahanda 1327 nəfər iştirak edib. İmtahan iştirakçıları arasında 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.
Aprelin 13-də Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanda 53 namizəd iştirak edib. 28 namizəd uğur qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Aprelin 17-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib. İmtahanda iştirak edən 18 namizədin 14-ü uğur qabanıb və sertifikat əldə edib.
Aprel ayı ərzində DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı da təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib.
Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu.
Məlumat üçün qeyd edək ki, aprelin 15 və 16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.
22-23 aprel tarixlərində keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.
Sonuncu imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.
Hər imtahan nəticəsi elan olunduqdan sonra apelyasiya komissiyasına onlayn müraciət etmək üçün tarixlər də göstəriləcək. Apelyasiya prosesi isə bütün istiqamətlər üzrə imtahan nəticələri elan olunduqdan sonra təşkil olunacaq.
Xatırladaq ki, imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müxtəlif mərhələlərdən keçir və uzun müddət tələb edir. İlk növbədə şagirdlərin yazı işləri “skan” edilir və şifrələnir. Daha sonra qiymətləndirmə meyarları təkmilləşdirilir və markerlərin kalibrləmə prosesində iştirakı üçün etalon işlər seçilir. Bundan sonra markerlər tərəfindən yazı işlərinin yoxlanılması və qiymətləndirilməsinə başlanılır. Növbəti mərhələdə isə balların hesablanması və nəticələrin DİM-in saytında yerləşdirilməsi həyata keçirilir.