Jurnalistlər Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin yaradılacağı ərazidə olub

Jurnalistlər Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin yaradılacağı ərazidə olub

Jurnalistlər Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin yaradılacağı ərazidə olublar.

MEDİA Agentliyinin Ağdama təşkil etdiyi səfər çərçivəsində media nümayəndələri Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin tikiləcəyi ərazi ilə tanış olub, işlərin gedişi ilə maraqlanıblar.

Onlara məlumat verilib ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanıb.

İşğal muzeyi Dram teatrının yanında yerləşəcək, Dram teatrının qalıqları saxlanılacaq. Burada göl yaradılacaq. Dram teatrının qapıları, kitabxana, poçt ofisi, kitabxana, otel və balaca dükanın görüntüsü həm gündüz, həm də axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.

Dağıdılmış digər evlər də memorial bağda saxlanılacaq.

Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşəcək, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.

Jurnalistlərə muzeyin strukturu haqqında da məlumat verilib.

Bildirilib ki, muzey dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Muzeyin giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə olacaq. Dördüncü zal 30 illik dövr ərzində verilən qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət ən vacibi – beşinci zal isə Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş sakinlərin keçdiyi əzablı yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsin. Burada sükunət zalı da olacaq, dağıntılar, evlərin yanması əksini tapacaq. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün effekt verəcək. Arxiv zalında isə tarixi faktlar əks olunacaq. Memorial bağ səma altında muzey olacaq.

Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirəcək.

Zəfər tağı kimi nəzərdə tutulan simvolika ağ və qara fonlarda hazırlanacaq. Bakıda yaradılacaq Zəfər muzeyində də həmin simvolikadan istifadə olunacaq. Zəfər muzeyi həm abidə, həm də muzey olacaq. Üstündəki tağ Günəşin ardınca hərəkət edəcək, Günəş enerjisi ilə işləyəcək. Bu, o anlama gəlir ki, Zəfərimiz, Qələbəmiz əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir.

Burada bir neçə sərgi zalı da olacaq. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və simulyasiya otaqları nəzərdə tutulur. Ən vacib otaq isə qəhrəman oğullarımızın adı həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, şəhidlərimizin xatirəsini daim yad etmək anlamı daşıyır.

İkinci zaldakı rəqəmsal masalarda isə hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulacaq. Buradan həm Zəfər muzeyi, həm də Bayraq meydanı görünəcək. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 2 =