İsrail rejimi Qəzzaya humanitar yardımların daxil olmasına icazə vermir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı İsrail rejiminin rəsmiləri, bazar ertəsi günü Qəzza zolağındakı yeganə ticarət keçidi olan “Kərəm Əbu Salim” keçidini bağlayaraq, Qəzza zolağına mal və yanacaq girişini əngəlləyib.
Qəzzada Malların İdxalına dair Koordinasiya Komitəsi xəbər verib ki, işğalçı rejim rəsmiləri bazar ertəsi günü ardıcıl iyirminci gün olaraq “Kərəm Əbu Salim” keçidini bağlamış və Qəzza zolağı əhalisinə saxta bəhanələrlə mal, qida və ehtiyac məhsullarının idxalını qadağan etmişlər.
“Arab 48” veb saytının yazdığına görə, işğalçı rejim rəsmiləri Qəzzaya dizel, benzin, qaz və yeganə elektrik stansiyası üçün xüsusi yanacaq da daxil olmaqla bütün yanacaq idxalını əngəlləmiş və bu da səhiyyə sektoru, xəstəxanalar və kanalizasiya sektoru da daxil olmaqla Qəzzanın həyati mərkəzlərində ciddi elektrik çatışmazlığına səbəb olmuşdur.
Qeyd edək ki, sionist rejimi bu yaxınlarda Qəzza zolağına qarşı 12 günlük müharibə zamanı 66-sı uşaq, 39-u qadın və 17-si qoca olmaqla 255 fələstinlini şəhid etmiş və 2000-ə yaxın mülkü şəxsi yaralamışdır.