Azərbaycanın diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət edib
Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə deyilir:
“Media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.
Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.
Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında
saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə duyarlı olmasını tələb edirik”.
Məmməd Gülməmmədov Türkiyə Haber Global
Sevil Nuriyeva Türkiyə Türkmedia Grup
Natiq Nailəoğlu Türkiyə Real TV
Nigar Mahmudova Türkiyə Haber Global
İlhamə Qasımlı Türkiyə müstəqil jurnalist
Məhsəti Şərif Türkiyə müstəqil jurnalist
Könül Şamilqızı Türkiyə müstəqil jurnalist
Nigar Ögeday Türkiyə müstəqil jurnalist
Vüqar Abbasov Niderland connect təşkilatının rəhbəri, jurnalist
Xatirə Sərdarqızı Niderland Real TV
Tünzalə Rafiqqızı Almaniya müstəqil jurnalist
Fərahim Qasımov Almaniya xeber.de
Vahid İmanov İspaniya müstəqil jurnalist
Səadət Kadırova Rusiya politoloq, jurnalist
Şəhriyar İmanbəyli Rusiya “Vostok”media-holdinqin vitse-prezidenti
Xəyal Tağıyev Rusiya müstəqil jurnalist
Nilufər Şıxlı Rusiya Ria Novosti
Ramiz Məşədihəsənli Qazaxıstan Türkel Media
Əsli Xəlilqızı Türkiyə müstəqil jurnalist
Azər Cahangirov Rusiya beynəlxalq jurnalist
Nailə Əfəndiyeva Rusiya polska.ru saytının redaktoru
İdrak Abbasov Norveç İctimai Teleradio Şirkəti
Azər Məmmədov Gürcüstan müstəqil jurnalist
Hicran Əliyeva Polşa müstəqil jurnalist
Vahid Qazi İsveç müstəqil jurnalist
Müseyib Ələkbərov Rusiya news.ru saytının redaktoru
Oqtay Hacımusalı Türkiyə müstəqil jurnalist
İlkin Hüseynov Gürcüstan aktual.ge
Nahid Qurbanov Gürcüstan interpress.ge
Ülkər Fərmanqızı Türkiyə voicepress.com.tr
Salamnews