Bu həftə 26 mindən çox abituriyent imtahan verəcək

Bu həftə 26 mindən çox abituriyent imtahan verəcək

İyulun 1-də və 2-də 26 mindən çox abituriyent imtahan verəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.

İyulun 1-də keçiriləcək imtahanlarda 17012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + ten =