ƏMDX: Azərbaycanda 558 süni balıq gölündən 155-nin fəaliyyəti dayandırılıb

ƏMDX: Azərbaycanda 558 süni balıq gölündən 155-nin fəaliyyəti dayandırılıb

Azərbaycan torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 558 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

Monitorinqlər nəticəsində indiyədək mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 155 süni gölün fəaliyyəti dayandırılıb. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 403 təbii və süni balıq gölü mövcuddur. Bunlardan 33-ü təbii, 370-i isə süni balıq gölüdür. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 319-u isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun istifadə olunmayan torpaq sahələrində mövcud olan 344 göl barədə inzibati protokol tərtib edilib. 28 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib edilmiş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni balıq göllərinin ən çox Neftçala, Salyan, Hacıqabul rayonlarında yaradılması aşkar edilib.

Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri ƏMDX-ya müraciət edir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yerquruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.

Balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Xidmətə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş təbii sututarların (gölməçə, qamışlıq, axmaz və s.) yerləşdiyi torpaqlara müsbət rəy verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + twelve =