Daha 16 şəxsə təkrar əlillik təyin olunub
Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunmasına dair qərar qəbul olunub.
9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. 1 nəfərə müalicənin davam etdirilməsi, 1 nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub.
Şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki müayinədə “Əlilliyi olan Qadınlar Cəmiyyəti” İB-nın sədri Məhluqə Rəhimova iştirak edib.
Bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsidir.
Apa