Ayətullah Xamenei yeni seçilmiş prezidentə tövsiyələr verib
Bu gün İranın Ali Lider Ayətullah Seyyid Əli Xameneinin, sabiq prezident Həsən Ruhani və bir sıra ölkə rəsmilərinin iştirakı ilə 13-cü prezident seçkilərinin qalibi Seyid İbrahim Rəisinin prezidentlik mandatının təsdiqlənməsi mərasimi keçirilib.
Bu barədə Fars agentliyi məlumat yayıb. Xamenei, hökmündə xalqın seçkilərdə mənalı və izzətli iştirakını, eləcədə xalqa can yandıran, dindar və idarəetmədə parlaq bir keçmişi olan şəxsin seçilməsini millətin inqilab yolunu yəni ədalət, tərəqqi və azadlıq yolunu davam etdirmək əzminin əlaməti olaraq dəyərləndirib.
Ali lider bütün sahələrdə bir sıçrayış etməyin zəruriliyini vurğulayaraq ölkədə istehsal sahəsindəki maneələri aradan qaldırmağa, milli valyutanı möhkəmləndirməyə, cəmiyyətin orta və aşağı təbəqələrini gücləndirməyə və sürətlə irəliləməyə səy göstərilməsinə təkid edib.
Mərasimin sonunda Ayətullah Xamenei yeni seçilmiş prezidenti təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib. Onun sözlərinə görə, mövcud durumda hökumətin formalaşdırılmasında təxirə yol vermək olmaz.
Çıxışının bir qismində yeni prezident İbrahim Rəisini təbrik edən Ayətullah Xamenei ölkədə hakimiyyətin dövr edilməsinin dinc, sivil və demokratik yolla həyata keçirildiyini bildirib və buna görə Allaha şükür etdiyini dilə gətirib.
Eyni zamanda seçkilərə qatıldıqlarına görə İran xalqına təşəkkür edən Ayətullah Xamenei inflyasiya, korrupsiya və sair oxşar mənfi halların aradan qaldırılmasını tələb edib.
Faktxeber