İranın yeni Prezidentinin and içmə mərasimi baş tutdu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Dini Liderinin ofisindən verilən məlumata görə, bu gün səhər bir çox daxili və xarici dövlət rəsmilərinin iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində on üçüncü prezidentlik dövrünün inauqurasiya mərasimi keçirilib və İslam İnqilabının Ali Rəhbəri Ayətullah əl-üzma İmam Xamenei Höccətül-islam Seyid İbrahim Rəisini İslam Respublikasının prezidenti olaraq təyin edib.
İslam İnqilabının rəhbəri inauqurasiya mərasimindəki çıxışında Allah taaladan xalq və ölkə üçün bu ümidverici günü mübarək etməsini diləyərək, prezident seçkilərində millətin iştirakını tamamilə mənalı və dini demokratiyanın simvolu adlandırıb. O, sabiq prezident və on ikinci hökumətə təşəkkür edərək cənab Rəisi və yeni hökumətdəki həmkarlarına uğurlar arzulayıb.
Ayətullah Xamenei həmçinin yeni hökumətin qurulmasını sürətləndirməyə çağıraraq bildirib: “Ölkədəki vəziyyət hökumətin qurulmasının təxirə salınmasını tələb etmir, buna görə də hörmətli prezident təklif etdiyi nazirləri təqdim etməyə, parlament isə onların səlahiyyətlərini nəzərdən keçirməyə tələsməlidir.”
Xatırladaq ki, iyunun 18-də İranda növbəti, 13-cü prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə iştirak edən 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq seçkilərin qalibi elan olunub.