Şeyxülislamın Ayətullah Xameneiyə təşəkkürü niyə qıcıq yaratdı? – Təhlil
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzə pir” məscidində qılınan bayram namazından sonra 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən ölkələrlə bağlı vacib çıxış edib. Şeyxülislam bildirib ki, Azərbaycanın qələbəyə çatmasında Türkiyə və İranın böyük zəhməti olub.
“Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah üzma Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi və Qarabağda dünyasını dəyişənlərin şəhd olması barədə çıxışı qələbənin carçısı idi və bizi qələbəyə apardı. Dövlət başçımız İlham Əliyev cənablarına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, bundan sonra bizi müharibələrə, əziyyətlərə düçar eləməsin, dünyada sülh yaransın”, – deyə QMİ sədri vurğulayıb.
Allahşükür Paşazadənin Qurban bayramı namazından sonra 44 günlük Vətən müharibəsinə toxunması, əldə olunan qələbənin pərdəarxası ilə bağlı vacib məqamları qeyd etməsi və ən əsası Türkiyə ilə yanaşı, İran İslam Respublikasına təşəkkür etməsi ölkə mediası tərəfindən geniş işıqlandırılsa da müəyyən və Azərbaycanı İranla düşmənçiliyə sövq edən qüvvələr və ya şəxslər tərəfindən heç də müsbət qarşılanmayıb.
Əsasən sosial şəbəkələrdə gedən müzakirələr zamanı İranı düşmən kimi göstərmək istəyən müəyyən qüvvələr dövlət başçısı İlham Əliyevin çıxışlarını, XİN-in rəsmi açıqlamarını və İran İslam Respublikasının rəsmi mövqeyini görməzdən gəlirlər. Əslində 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin iki dəfə xarici telekanallara İranla bağlı açıqlaması bütün suallara cavab gətirmişdi. Belə ki, həmin vaxtlar yenə dezinformasiyalar yayılaraq İranın Ermənistan üçün sərhədini silah daşınmasından ötrü açıq saxlaması və rəsmi Bakını dəstəkləməməsi barədə məlumatlar məqsədli şəkildə yayılırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “CNN Türk” televiziyasına müsahibəsi zamanı bildirmişdi ki, rəsmi Tehran Azərbaycanın haqq işini dəstəkləyib: “Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir”.
Daha sonra İlham Əliyev Türkiyənin “A haber” telekanalına müsahibəsində vurğlamışdı ki, İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar Azərbaycanda hər hansısa məlumat yoxdur: “Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik”.
Nəzərə almaq lazımdır ki, 44 günlün Vətən müharibəsinə İran ən yüksək səviyyədə dəstək nümayiş etdirib. Belə ki, ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei Azərbaycan haqq mübarizəsini dəstəkləmişdi. Seyid Əli Xamenei bildirmişdi ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi zəruridir və Azərbaycan bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı tərəfdir.
Məhz buna görə idi ki, həmin vaxt Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ayətullah Xameneiyə verdiyi dəstəyə görə təşəkkür etmişdi.
“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk. Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır, deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib”, – deyə XİN bəyanat yaymışdı.
Azərbaycanın ən vacib və həssas vaxtında apardığı Vətən müharibəsində İranın rəsmi şəkildə Bakını dəstəkləməsi, onun yanında yer alması və bunun Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilməsi iki ölkə arasında dərin dostluq və qardaşlıq münasibətlərindən xəbər verir. Bu münasibətləri korlamaq istəyən və Qərb maraqlarına xidmət edən şəxslərin dezinformasiya və mərkli planları əslində heç bir işə yaramadığı kimi, sadəcə suyu bulandırmaq effekti yaradır. Tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətləri, ortaq adət-ənənələr, dini dəyərlər Azərbaycan və İran xalqlarının bir-birinə nə qədər bağlı olmasından xəbər verir. Ölkə başçısı İlham Əliyevin İran dövləti ilə dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi önəm verməsini nəzərə alsaq, Bakı-Tehran münasibətlərinin gələcəkdə də yüksək səviyyədə olacağını təxmin etmək çətin deyil.
Eastnews.org