“Əlifba” dərsliyinin məşhur müəllifi vəfat etdi

“Əlifba” dərsliyinin məşhur müəllifi vəfat etdi

Pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov bu gün vəfat edib.

Bu barədə mərhumun yaxınları bildiriblər.

Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub. Orta ixtisas təhsilini başa vurandan sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutunun direktorunun elmi tədqiqat bölümü üzrə müavini işləyib.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, üç elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olub. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi altı dərslik və beş dərs vəsaitindən istifadə olunur.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =