Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər nə yerdədir?
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Bu barədə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
A.Nəcəfli qeyd edib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 81 km təşkil edir. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Onun sözlərinə görə, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub: “Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 900 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 % arası dəyişir.
Əgər yol 7 % mailliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15 – 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib”.
A.Nəcəfli əlavə edib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 2024-cü il ərzində tam olaraq tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.
Report