Budapeştdə Şərqi Avropa azərbaycanlılarının görüşü keçirilib

Budapeştdə Şərqi Avropa azərbaycanlılarının görüşü keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüş və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib.

Azərbaycan Evində baş tutan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri, Koordinasiya Şurasının əlaqələndiriciləri və icma üzvləri iştirak ediblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ölkəmizin Macarıstandakı səlahiyyətli və fövqəladə səfiri Tahir Tağızadə xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib. 

DİDK sədrinin müavini Elşad Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı “xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər” fikrini xatırladıb. 

Budapeştdəki Azərbaycan Evinin yarandığı gündən soydaşlarımızı birləşdirən məkana çevrildiyi, pandemiya məhdudiyyətləri dönəmində burada soydaşlarımıza mənəvi və xeyriyyə dəstəyinin göstərildiyi, həftəsonu Azərbaycan məktəbinin yaradılmasının zəruri olduğu, Azərbaycan evlərində radioların fəaliyyətə başlaması prosesinə start verildiyi və sair məsələlər nəzərə çatdırılıb.

Tədbir komitənin son illərdəki fəaliyyətinə və Vətən müharibəsinə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi ilə davam edib.

Sonra Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib. Toplantı 8 noyabr – Zəfər Günü ilə bağlı həyata keçiriləcək tədbirlər planının müzakirəsi və bədii proqramın nümayişi ilə yekunlaşıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =