Ali Attestasiya Komissiyası elmi işlərin müdafiəsində yol verilən nöqsanları açıqlayıb
“Artıq Ali Attestasiya Komissiyasının (AAK) icazəsi olmadan fəlsəfə doktorları eyni vaxta iki şəxsə elmi rəhbərlik edə bilərlər”.
Bunu AAK-nın sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qeyd ediləndən çox doktorant və ya dissertanta elmi rəhbərlik etmək üçün komissiyaya müraciət edilməlidir: “Ali Attestasiya Komissiyası ilk dəfə olaraq seminarları ixtisaslar üzrə formalaşdırıb. Əvvəllər seminarın qərarı mənfi olsa da iş yenə müzakirəyə buraxılırdı, yəni seminar formal xarakter daşıyırdı. İndi seminarlar müdafiəyə keçid üçün həlledici mərhələdir. Seminarlarda minimum 5 nəfər ixtisas sahibi iştirak etməlidir, bu mexanizm Qərb ölkələrindəki təcrübəyə əsaslanır. Bizim sistemin Qərb sistemindən üstünlüyü şurada ictimai nəzarətin olmasıdır. Dissertasiya müdafiəsinin yekununda gizli səsvermə nəticəsində iddiaçı həm öz ixtisası üzrə, həm də digər ixtisaslar üzrə şura üzvlərinin üçdə iki səsini toplamalıdır”.
AAK sədri həmçinin qeyd edib ki, yeniliklərdən biri də dissertasiyaların həcminin artıq işarələrlə qeyd edilməsidir: “Fəlsəfə doktoru dissertasiyası üçün 200-240 min işarə, elmlər doktoru dissertasiyası üçün 400-440 min işarə norma müəyyən edilib. Elmi adların verilməsi ilə bağlı dəyişikliklərə gəlincə, bu istiqamətdə qaydalar xeyli sadələşdirilib. Yeni qaydalara əsasən, fəlsəfə doktorlarına dosent elmi adı, elmlər doktorlarına professor elmi adı almaq üçün müdafiədən sonra müddət tələb olunmur. Onu da qeyd edim ki, fəlsəfə doktorları dosent elmi adı aldıqdan 5 il sonra professor elmi adının iddiaçısı qismində çıxış edə bilərlər. Əsasnamə ilə müəyyən edilmiş şərtlər ödənildiyi təqdirdə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adının 10 il iş stajı olan dosent elmi adı almış fəlsəfə doktorlarına verilməsi müəyyən edilmiş yeniliklərə daxildir”.
Trend