Deputat Fransadan izahat tələb edir: “Separatçı və terrorçuları dəstəkləməkdə məqsədiniz nədir?”

Deputat Fransadan izahat tələb edir: “Separatçı və terrorçuları dəstəkləməkdə məqsədiniz nədir?”

“Vətən müharibəsi zamanı və sonrakı dövrdə Fransa birtərəfli mövqe nümayiş etdirməklə Ermənistanın yanında olduğunu açıq göstərib. Fransa Prezidenti Emanuel Makronun Azərbaycana təzyiq göstərmək cəhdi, 2020-ci ilin noyabrında Fransa Senatında “Dağlıq Qarabağın müstəqillyinin tanınması” ilə bağlı bədnam layihəyə səs verilməsi və digər təxribat xarakterli addımlar bu ölkənin ermənipərəst siyasət həyata keçirdiyini, məsələyə ədalətsiz və ikili standartlarla yanaşdığını bir daha təsdiqləyib”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçı-terrorçu rejimin tör-töküntülərinin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları rəsmi Parisin beynəlxalq hüququ heçə saymasının təzahürüdür: “Qeyd etmək lazımdır ki, bu addım heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd haldır. Hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ədalətsiz sayılaraq ləğv edilib.

Heç şübhəsiz ki, əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli ortada rəsmi Parisin konkret mövqeyi var və bu qanunazidd hallara görə məsuliyyəti də məhz Fransanın rəhbərliyi daşıyır.

Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verir? Burada Fransanın məqsədi nədir?”.

Deputat qeyd edib ki, Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir: “Fransanın əli həm də Afrikada çoxlu sayda müsəlmanın qanına batıb. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar? Niyə səslərini çıxarmırlar?

Buradan belə bir sual da yaranır. Nə üçün Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir?

Digər bir sual isə belədir. Nə üçün bu günə kimi rəsmi Paris İŞİD terrorçu qrupları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmir?”

C.Məmmədov bildirib ki, bu bir daha onu göstərir ki, Fransa açıq-aydın ermənipərəst siyasət həyata keçirir və bölgəyə sülhün gəlməsini istəmir: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi belə yanaşmalara son qoymalı, haqqın və ədalətin yanında olmalıdır”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fifteen =