ABŞ Suriyada yenə mülki şəxsləri öldürdü
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü ABŞ-a məxsus pilotsuz təyyarənin İdlib vilayətinin şimal-qərbində endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu şəxslərin hamısı mülki şəxslərdir.
“Enab Baladi” saytının məlumatına görə, Amerikaya məxsus PUA-dan atılan 3 raket birbaşa motosikletdə olan mülki vətəndaşa dəymiş və nəticədə o, həlak olmuşdur. Bundan əlavə motosikletin kənarında olan bir ailənin yeddi üzvünü daşıyan avtomobil raketlərin partlayışı nəticəsində yanmış və içərisində olan bütün sərnişinlər yaralanmışlar. Yaralananlar arasında üç qadın və bir uşağın olduğu bildirilir.
Bir Suriya mənbəsi bu barədə Enab Baladi-yə bildirib ki, hələlik motosiklet sürücüsünün kimliyi rəsmən açıqlanmasa da, sosial şəbəkə istifadəçiləri onun Afrin şəhər şurasında sadə bir işçi olduğunu bildirirlər.
Amerika anti-İŞİD koalisiyasının mülki insanları hədəfə alması son illərdə insan haqları qruplarının kəskin tənqidlərinə məruz qalıb. Statistikaya görə Suriyada ABŞ koalisiyası tərəfindən qətlə yetirilən mülki vətəndaşların sayı üç mini ötüb. Bu qurbanların üçdə biri uşaqdır.