ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır – daimi nümayəndə
Vaşinqton Tehranın nüvə razılaşmasının bərpası üzrə Vyanada keçirilən danışıqlara məsuliyyətlə yanaşacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) üzərinə götürdüyü öhdəliklərə zidd olan sanksiyaları ləğv etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Biz BHFP çərçivəsində öhdəliklərimizə uyğun gəlməyən sanksiyaları ləğv etməyə tam hazırıq və bu, İrana razılaşmadan iqtisadi fayda əldə etməyə imkan verəcək”, – deyə daim nümayəndə bildirib.
Diplomat əlavə edib ki, İran Vyana danışıqlarına “təcili formada və xoş niyyətlə” yanaşarsa, BHFP-nin müddəalarına əməl etməyə qayıtmaq üçün qarşılıqlı anlaşma tamamilə mümkündür.
“Bununla belə, biz İranın nüvə proqramını sürətləndirməsinə imkan verə bilmərik”, – deyə Linda Tomas-Qrinfild əlavə edib.
Trend.az