18 il öncə taksi sürücüsünü öldürən müştəri tutuldu
Azərbaycanda 18 il öncə törədilən cinayətin üstü açılıb.
“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, 29 dekabr 2003-cü ildə Bakıda avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan icraatın dayandırılması haqqında qərar ləğv edilərək istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 29 dekabr 2003-cü ildə “Fəvvarələr meydanı”ndakı taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.
Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb onları Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova xəsarət yetirməklə pulunu ələ keçiriblər. Daha sonra zəng edib ərini oğurladıqlarını deyib, sərbəst buraxılması müqabilində pul tələb ediblər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R.Əmirovu boğaraq öldürüblər.
İstintaq nəticəsində 15 dekabr 2021-ci ildə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri (qəsdən adam öldürmə) ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işinə xitam verilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxu.az