HƏMAS və İslami Cihad Əbu Həvaşın şəhadəti halında Tel-Əvivə cavab verməklə bağlı razılaşıb
KİV-in məlumatına görə, HƏMAS və İslami Cihad son görüşlərində 141 gündür aclıq aksiyası keçirən fələstinli məhbusun şəhid olacağı halda, İsrailə birgə cavab vermək barədə razılığa gəliblər.
Qəzzə zolağında Fələstinin müqavimət qruplarının rəhbərlərindən biri HƏMAS və İslami Cihad arasında dünənki (bazar ertəsi) görüşün bəzi mühüm təfərrüatlarını açıqlayıb.
O, “Arab 21” telekanalına bildirib ki, hər iki hərəkatın hərbi komandirlərinin qatıldığı toplantıda 141 günlük aclıq aksiyası keçirən 40 yaşlı Hişam Əbu Həvaşa dəstək üçün mühüm qərarlar verilib.
Müqavimət üzvü vurğulayıb ki, bu görüşdə Əbu Həvaşın şəhadəti halında İsrailə cavab verilməsinə razılıq verilib.
İslami Cihadın baş katibi Ziyad Ən-Nəxalə ötən cümə axşamı xəbərdarlıq edib: “Əgər Əbu Həvaş şəhid olsa, biz bunu sui-qəsd əməliyyatı hesab edəcəyik və buna uyğun cavab verəcəyik.”
Ötən gecə yüzlərlə fələstinli məhbus Əbu Həvaş ilə həmrəylik nümayişi keçirib. İslami Cihadın təşkil etdiyi yürüşdə iştirakçılar əllərində “Hamımız səninləyək və sən tək deyilsən ey Hişam!” sözləri yazılmış plakatlar qaldırıblar.
Əbu Həvaş 141 gündür ki, müvəqqəti saxlanmasına və ya ona qarşı ittiham irəli sürülməsinə etiraz olaraq aclıq aksiyası keçirir.
Bununla bağlı fələstinli məhbusların işləri üzrə “Əl-Əsir” klubunun ixtisaslaşmış hüquqşünası Cavad Buləs bildirib ki, Hişam Əbu Həvaş həqiqətən də ağır vəziyyətdədir və onun hər an şəhid olma ehtimalı var.
Hişam Əbu Havaş bulanıq görmə, danışa bilməmə, şiddətli əzələ atrofiyası və hərəkət edə bilməməkdən əziyyət çəkir və ətrafda baş verənləri anlamaq qabiliyyətini itirib.