Yəmən ordusu BƏƏ-nin Şəbvadakı muzdlu mövqelərinə raket zərbələri endirib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, BƏƏ-yə bağlı ünsürlər Yəmən ordusunun raket bölməsinin Şəbva əyalətindəki mövqelərinə hücumu nəticəsində həlak olub və yaralanıb.
Əl-Aləm-in məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri bəyan edib ki, Şəbva əyalətinin “Əsilan” bölgəsində BƏƏ muzdluları və İŞİD-ə bağlı qrupların toplaşdıqları mövqe ballistik raketlə hədəfə alınıb.
Hərbi sözçü Twitter hesabında əməliyyat zamanı komandirlər də daxil olmaqla, bu elementlərdən 40-a yaxınının öldürüldüyünü və ya yaralandığını, onların texnikasının məhv edildiyini açıqlayıb.
Dünən gecə Yəməndə BƏƏ-nin dəstəklədiyi “Əmaləqə Briqadası” kimi tanınan silahlı qruplaşmalar Şəbva və Mərib əyalətlərindəki əməliyyatlarının başa çatdığını iddia edərək, qüvvələrinin Şəbvada yenidən yerləşdirilməsi prosesinin başladığını elan ediblər.