Təbrizdə Beşinci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi keçirilib-Foto

Təbrizdə Beşinci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi keçirilib-Foto

Aşura mesajlarının çatdırılmasında ədəbiyyatın təsirinin artırılması üçün beşinci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi baş tutub.

Giperssilka.ru xəbər verir ki, yanvarın 30-da Təbriz Dövlət Universitetində keçirilən mərasimə Ayətullah Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi cənab Ali-Haşim, Təbriz Dövlət Universitetinin rektoru Hacı Mehdi Xadim Azərian, həmçinin İran, Azərbaycan, Türkiyə, İraq və Gürcüstandan gəlmiş nümayəndələr qatılıb.

Müqəddəs Quranın tilavətilə başlayan mərasimi universitetin prorektoru dr. Əhməd Fərşbafibian açıb. O, konqresin 7 illik tarixinə toxunub və bu illər ərzində görülən işlərdən danışaraq, konqresə qatılan ölkələrin və iştirakçıların sayının getdikcə artdığını açıqlayıb.

Tədbirdə Təbriz Dövlət Universitetinin digər prorektoru dr. Nəsrullahzadə etdiyi qısa çıxışda vurğulayıb ki, şəhidlərin tarixi əbədidir: “Şəhidlərin dastanı daima qalacaq və günbəgün insanları mənəviyyata istiqamətləndirəcək. İnşallah, ümidvarıq ki, İslam Cümhuriyyətinin varlığı ilə bu tarix bütün bəşəriyyətə çatıdırılacaq.”

Tədbirə qatılan İmam Xameneinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi, Təbriz şəhərinin imam-cüməsi Seyyid Məhəmməd Əli Ali-Haşim universitet rəhbərliyinə belə mötəbər və əhəmiyyətli tədbirin məsuliyyətini üzərinə götürərək reallaşdırdığı üçün təşəkkür edib:

“Şiənin tarixi onun öz şairinin dilindən ədəbiyyata çəkilməlidir. Əhli-beyt (ə) şairləri bu meydanın keşikçiləridirlər. İmam Sadiq (ə) buyurur: “Hər kəs mənim xanədanım haqda bir beyt şeir desə, Allah ona cənnətdə bir ev verəcək ki, bu onun şeirinin əvəzidir”.

Məzhəbi şeirlər və surudlar nə qədər yaxşı olsa, o qədər bu tarixi (Aşuranı) bəşərə daha tez və dəqiq çatdırarlar. Ustad Şəhriyar deyir: “Hüseynə yerlər ağlar, göylər ağlar, Bətulu, Mürtəza Peyğəmbər (s) ağlar.” Bu cür şeirlər səbəb olur ki, insanlar haqqı tanımağa təşviq olunsun. İmam Rzanın (s) həyatında görürük ki, o da şair Dəbilə deyərdi ki, “babam Hüseyndən şeirlər deyin.”

Bütün bunlar Aşura ədəbiyyatının nə qədər mühüm olduğunu göstərir.”

Mərasimin davamında Azərbaycan Əhli-beyt (ə) şairi Hacı Gülbəla Fənayi kürsüyə dəvət olunub. O, qonaqları və konqres iştirakçılarını salamlayaraq Kərbəla faciəsinə həsr etdiyi şeirini təqdim edib.

Daha sonra konqresin Türkiyə və İrandan olan qonaqları çıxış ediblər. Sonda konqres iştirakçıları təltif olunub, xatirə fotoları çəkdiriblər.

Tədbirdə Azərbaycan nümayəndə heyətini Əhli-beyt (ə) şairləri Seyid Hacı Nurəddin Dərafərin və Hacı Gülbəla Fənayi, Kərbəlayi Bəhruz və Əhli-beyt (ə) məddahları – “Vilayət” qrupunun üzvləri Hacı Əlizaman Əliyev və Kərbəlayi Samir Süleymanov, həmçinin Hacı Teymur Şirvanlı təmsil ediblər.

Təbriz Universitetinin “Qafqaz və Anadolu İnstitutu” tərəfindən hər il keçirilən Beşinci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresinin iştirakçıları yanvarın 31-də tədbirin qeyri-rəsmi hissəsi çərçivəsində müqəddəs Məşhəd şəhərinə, İmam Rzanın (ə) ziyarətinə yola salınıb.

Qeyd edək ki, konqresin əsası 2015-ci il Təbriz şəhərində qoyulub. Son iki ildə pandemiya ilə əlaqədar baş tutmayan beşinci tədbir bu il reallaşıb.

@azgiperssilkaru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =