ABŞ-İran danışıqları: Tehranın tələbləri, Vaşinqtonun güzəştə getmədiyi məqamlar – TƏHLİL

ABŞ-İran danışıqları: Tehranın tələbləri, Vaşinqtonun güzəştə getmədiyi məqamlar – TƏHLİL

Avstriyanın paytaxtı Vyana həm də İranın başı üzərini almış qara buludları dağıtmaq üçün Tehrana seçim imkanı verən platformadır.

Söhbət ondan gedir ki, İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı “altılıq ölkələri” ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Tehran arasında danışıqlar Vyanada keçirilir.

ABŞ İran üzərindən əlini çəkmək istəmir, İrana müdaxilə üçün həmişə barmaq yeri saxlamağa çalışır, ona görə də Tehrana qarşı sanksiyaların hamısının aradan qaldırılmasında maraqlı deyil.

ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqton 2015-ci ildə qəbul edilmiş, İranın nüvə proqramını zəiflətmək məqsədi daşıyan Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxdı.

İndi isə ABŞ Prezidenti Cozef Bayden sələfinin İrana qarşı addımlarından doğan nəticələri yumşaltmaq üçün İranla ritorikaya mehribanlıq elementləri qatmaq istəyir.

Tərəflər yenidən ortaq məxrəcə gəlməyə yaxındırlar, danışıqlara dair verilən rəsmi açıqlamaların ruhu belə nəticə hasil edir.

Bununla belə, Vaşinqtonla Tehran sanksiyaların yüngülləşdirilməsinin əhatə dairəsinə dair müzakirələrdə bir-birlərinə güzəştə getmək niyyətindən uzaqdırlar.

Belə ki, İran insan hüquqlarının pozulması səbəbiylə ona tətbiq edilən sanksiyaların da böyük hissəsinin aradan qaldırılmasını istəyir.

Bayden administrasiyası isə insan hüquqları və terrorçuluqla bağlı bəzi sanksiyaların qüvvədə qalmasında israrlıdır, bu, Baydendən çox ABŞ dövlətinin dərin maraqlarından irəli gələn yanaşmadır.

İran tələb edir ki, ABŞ gələcəkdə sanksiyalarla İranın üzərinə gəlməyəcəyinə dair beynəlxalq hüquqi təminata imza atsın, elə bu da mümkünsüz görünür. Çünki ABŞ bu addıma getsə, bununla İran üzərində təsir rıçaqlarını itirmiş olacaq.

İslam ölkəsinin ABŞ-a qarşı digər israrlı təkidinin qayəsində bu dayanır ki, Ağ Evin gələcək administrasiyaları əldə ediləcək razılaşmalardan çıxmasınlar. Lakin Bayden administrasiyası xələflərinə ABŞ-ın qlobal strateji xəttində xəta sayıla biləcək irs ötürmək istəmir.

İran özünün nüvə proqramının dinc məqsədli olduğunu praktiki şəkildə beynəlxalq ictimaiyyətə isbat etmək məcburiyyətindədir, bunun üçün isə beynəlxalq mütəxəssislərin nüvə təsisatlarına girişinə əngəl yaradan konsepsiyalardan imtina etməlidir. Bunlara əməl edərsə, Qərb də İrana qarşı siyasətində bəhanələrdən əl çəkməlidir, hərçənd ki, insan hüquqları məsələsi və İranın Yaxın Şərq üzrə ambisiyaları tərəflərə həmişə bir-birinə əks cəbhədə durmaq üçün bəhanələr verəcək.

İran üçün digər baryer İsraildir, İsrailin danışıqların tərəfi olmasa da, hər vəchlə Tehrana hər hansı güzəşt edilməməsi üçün səylərini əsirgəmir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 10 =