Xocalıdan Buçaya: dünyanın səssizliyinin dəhşətli nəticələri

Xocalıdan Buçaya: dünyanın səssizliyinin dəhşətli nəticələri



Rusiya görüntüləri təkzib edir, Ukrayna ədalət istəyir. Dünya baş verənləri “müharibə cinayəti” adlandırır, hüquqi qiymət veriləcəyindən danışırlar.

Bizə tanış mənzərədir. 30 il öncə Xocalıda əliyalın, dinc insanlara qarşı soyqırımı törətdilər, amma Buçada daha dəhşətli. Körpələr süngüyə keçirilmiş, hamilə qadınların qarnı yarılmış, qocaların kürəyinə qaynar samovar bağlanmış, insanların başlarının dərisi soyulmuş, daxili orqanları çıxarılmışdı. Bu, başqa planetdə baş verməmişdi. Burada – Azərbaycanda, dünyanın gözü önündə Ermənistan soyqırımı həyata keçirmişdi.

30 il öncə SSRİ-nin 366-cı alayı Xocalıda erməni quldurların rəhbərliyi ilə bu soyqırımda iştirak etdi. 30 il sonra eyni qətliam Ukraynada törədildi. Biz görüntülərdən dəhşətə düşmürük, çünki Xocalıda daha dəhşətli görüntülər görmüşük: 613 Xocalı sakini qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu, sadəcə statistika deyil, soyqırımı qurbanlarının sayıdır və bu soyqırımı bu gün dünyanın bəhs etdiyi Buçadan daha dəhşətli olub.

30 il öncə dünyanın Xocalı soyqırımına səssiz qalması bu gün Buçada qətliam törədilməsinin təməlini atıb.

Real kadrlar, şahidlərin ifadələri, beynəlxalq jurnalistlərin gördükləri, hətta Ermənistanın rəhbərliyi də Xocalıdakı soyqırımı etiraf ediblər. Keçmiş prezident Serj Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər” sözü törədilən cinayətin etiraflarından biridir. Bu qədər fakta rəğmən beynəlxalq birlik Xocalı soyqırımına hüquqi qiymət verməyib. Əksinə bəzən Xocalıdakı görüntüləri “azərbaycanlıların ermənilərə qarşı soyqırımı” kimi həyasız iddialarına da alət ediblər.

Tarix sübut etdi ki, cəzasızlıq eyni əməllərin təkrar meydana çıxmasına səbəb olur. Xocalıya hüquqi qiymət verməyən dünya bu gün Buçadakı qətliamla üz-üzə qalıb. Bu qətliama hüquqi qiymətin veriləcəyi də sual altındadır.

Birincisi, beynəlxalq hüququn işlək mexanizmi olduqca ləngdir və bir çox hallarda proses sona çatdırılmır, xüsusilə siyasi maraqlar bunun qarşısını alır.

İkincisi, Buça qətliamında ittiham olunan Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin yurisdikasiyasını dəstəkləməyib, yəni veriləcək qərarlar Rusiya tərəfindən icra edilmir;

Üçüncüsü, Beynəlxalq Ədalət Məhkəməsi verəcəyi qərarın icrasını BMT Təhlükəsizlik Şurasına həvalə etsə belə, Rusiya veto qoymaq hüququndan istifadə edəcək;

Məsələyə hüquqi qiymətin verilməsi ehtimalı yalnız qətlimın soyqırımı kimi qəbul edilməsi halında yaranır, hərçənd, dünya liderləri baş verənlərin soyqlırımı yox, müharibə cinayəti adlandırırlar. Lakin yenə də baş verənlər haqqında nəsə danışırlar, bu baxımdan, Ukraynanın qətliama hüquqi qiymət verilməsi imkanları qalır. Xocalı soyqırımı ilə bağlı isə dünya həmişə ədalətsiz mövqe sərgiləyib.

İndi Buça qətliamına beynəlxalq hüquqi qiymət verilərsə, siyasi maneələrin yaradılmasına rəğmən, Xocalı soyqırımına da hüquqi qiymətin verilməsinin önü açıa bilər. Əks təqdirdə beynəlxalq birlik insan faciəsinə də ikilistandartdan yanaşdığını bir daha təsdiqləmiş olacaq. Və bu gün dünyanın gözünün qarşısında yaşanan qətliamların ən böyük səbəblərindən biri də belə ikili yanaşmalardır. Xocalı  soyqırımına zamanında hüquqi qiymət verilsəydi, bu gün Buçada qətliam törədilməzdi. Bundan sonra da hüquqi qiymət verilməsə, yenə eyni qətliam mənzərələri yaşanacaq. Çünki cəzasızlıq tarixin təkrarlanmasına gətirib çıxarır…

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + three =