ABŞ-də qurbağalara görə saxlanılan rusiyalı alimi 20 ilə qədər həbs gözləyir

Rusiyalı alim Kseniya Petrova ABŞ-da qurbağa embrionlarını qaçaqmalçılıq yolu ilə apardığına görə həbs edilib.
Bu barədə “Report” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Alim qadını 20 ilə qədər həbs gözləyir.
Fevralın 16-da Boston hava limanında saxlanılan Petrovanın Fransaya səfəri zamanı aldığı qurbağa embrionlarını bəyan etmədiyi qeyd edilib. O, Luizianadakı immiqrasiya mərkəzinə yerləşdirilib.
“CNN”in verdiyi məlumata görə, rusiyalı qadın Harvard Universitetində tədqiqatçı işləyib. Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamaya görə, Petrova federal rəsmilərə yalan danışmaqda ittiham olunur.
Öz növbəsində alim iddia edir ki, onun sözləri yanlış anlaşılıb və bəyanatda qeyri-dəqiq əks olunub.
Belə ki, müdiri ondan embrionları Parisdən gətirməsini istəyib. Petrova həmçinin qeyd edib ki, embrionlar zəhərli, təhlükəli və yoluxucu olmadığı üçün gömrükdən keçməkdə heç bir problem gözləməyib.