ABŞ-da etirazçıların Kapitoli binasına girməsindən sonrakı hadisələr – FOTO
ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsmişdi. Prezident Donald Trampın tərəfdarlarından ibarət kütlənin ABŞ Kapitoli binasına zorla daxil olmasından sonra yaranan insidentlərdə 4 nəfər ölüb, 52 nəfər həbs olunub, çox sayda polis yaralanıb.
Etirazçılar binadan çıxarıldıqdan sonra qanunvericilər binaya qayıdaraq Elektoral Kollegiya səslərinin sertifikatlaşdırılması prosesini davam etdirirlər. Səsvermənin nəticələri Demokrat namizəd Co Baydenin 20 yanvarda növbəti ABŞ prezidenti, Kamala Harrisin isə Vitse-Prezident olaraq inaqurasiyasına yol açacaq.
Az.shafaqna.com VOANEWS-a istinadən xəbər verir.
“Siz qalib gəlmədiniz. Zorakılıq heç vaxt qalib gəlmir,” deyə Vitse-Prezident Mayk Pens Senatın təsdiqləməyə başlaması ərəfəsində etirazçılara xitabən bəyan edib.
ABŞ Kapitoli polisi, federal, ştat və yerli hüquq-mühafizə orqanları Tramp tərəfdarlarını Kapitoli ərazisindən uzaqlaşdırdıqdan sonra Senat və Nümayəndələr Palatasının üzvləri məşvərət zallarına qayıda biliblər.
Pens Senatı “geri işə dönməyə” və Baydenin prezident seçkilərində qələbəsinə qarşı Respublikaçıların etirazları üzərində debata başlamağa səsləyib.
Lakin Konqres sertifikatlaşdırılmasını əvvəllər etiraz etməyi planlaşdıran bir neçə Respubliaçı senator bir qadının əsnasında öldürüldüyü zorakılıqların ardınca bu fikirdən daşınıblar.
Senatda müzakirələr başlayanda Respublikaçı Senatorlar Stiv Deyns, Mayk Braun və Kelli Loffler Baydenin qələbəsinə artıq etiraz etməyəcəklərini bəyan ediblər.
Nümayəndələr Palatası da oxşar qaydada müzakirələri bərpa edib.
Palatanın spikeri Demokrat Nensi Pelosi çərşənbə günü Kapitoli ətrafında baş verənləri sərt şəkildə qınayıb.
“Bu gün demokratiyamıza rüsvayçı hücum edildi,” Pelosi deyib. “Bu, hökumətin ən yuxarı səviyyəsinin xeyir-duası ilə baş verdi. Lakin bu, bizi Co Baydenin seçilməsini təsdiqləmək borcumuzdan yayındıra bilməz.”
Toqquşmalar Mayk Pensin qanunvericilərə məktubunda Baydenin qələbəsinin sertifikatlaşdırılmasının qarşısını almağa cəhd etməyəcəyini bildirməsindən iki saat sonra başlanmışdı. O, bu addımı Prezident Trampın dəfələrlə Vitse-Prezidenti Baydenin Ağ Evə gedən yolunu kəsməyə çağırmasından sonra atmışdı.
ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş vermişdi. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildirmişdilər.
Senat Baydenə verilən elektoral səsləri təsdiq etdiyi bir vaxt işinə fasilə verməli olub, Vitse-Prezident Mayk Pens gizli xidmət tərəfindən yeraltı tunellərlə binadan çıxarılıb.
Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilib. Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilib.
Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları “Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə” çağırıb.
Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.
Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, “Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək.”
Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.
“Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram,” Bayden deyib.