ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

Bakıda ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birlikdə bu ölkədə təhsil almaq istəyən tələbələr və onların valideynləri üçün “Education USA” təhsil sərgisi keçirilib.
APA xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan və ya məzun olan azərbaycanlı gənclər iştirak edib.
Tədbirdə bildirilib ki, 2023-2024-cü tədris ilində ABŞ-də 1130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illərlə müqayisədə 25,4 faiz çoxdur.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin işlər vəkili Huqo Gevara ölkəsinin təhsil imkanlarından danışaraq, ali təhsil üçün planlaşdırmanın həm həyəcanverici, həm də zəhmət tələb edən proses olduğunu söyləyib.
O qeyd edib ki, ölkəsində təhsil alan azərbaycanlı tələbələr həm də mədəniyyət səfiri rolunu oynayır:
“İlk növbədə bu yolda addımlayan hər kəsə uğurlar arzulayıram. Bildiyiniz kimi, ABŞ-də müxtəlif tədris proqramları təklif edən 5000-dən çox universitet və kollec fəaliyyət göstərir. Bizim ölkəmizdə mövcud universistelərdə təhsil alan və oranın məzun olan çoxsaylı azərbaycanlılar var. Onlar dünya istiqamətli təhsil almaqla, bərabər öz mədəniyyətini nümayiş etdirir və dostluğumuzun rəmzinə çevrilir. Son illərdə ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə ölkəmizin təhsil sahəsində dünya lideri olmasından və tələbələrə yaradılan müasir tədris imkanlarından irəli gəlir”.
Qeyd edək ki, 30 məzun stendinin təmsil olunduğu tədbirdə ABŞ-nin Azərbaycandakı Səfirliyinin mübadilə proqramları ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən ali təhsil müəsssisələri barədə ətraflı məlumat almaq mümkündür.
Sərgi vasitəsilə iştirakçılara həmçinin, bu ölkədə tətbiq edilən bakalavr və magistr proqramları, tələbə vizası və digər zəruri məsələlərlə bağlı ətraflı informasiya təqdim olunacaq.