ABŞ-dan Mazlum Abdiyə telefon zəngi

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Mazlum Abdi ilə telefon danışığı aparıb və onu ABŞ-ın vasitəçiliyi ilə gərginliyin azaldılması üzrə danışıqları davam etdirməyə çağırıb.
Al-Monitor xəbər saytına danışan mənbələr ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barakın Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Mazlum Abdi ilə telefon danışığı apardığını bildirib.
Məlumata görə, Barak Abdini SDQ ilə Türkiyə arasındakı gərginliyi azaltmaq üçün ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları davam etdirməyə təşviq edib və Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə onun qüvvələrini dəstəkləməyə davam edəcəyini təsdiqləyib.
Ankara Abdi ilə Dəməşqdə görüşməyə işarə edir
Mənbələrin məlumatına görə, Suriya kürdlərinin başçılıq etdiyi nümayəndə heyətinin Heyət Təhrir əl-Şam (HTŞ) lideri Əbu Muhammed əl-Colaninin (Əhməd əl-Şara) rəhbərlik etdiyi rejim üzvləri ilə görüşündən sonra xarici işlər naziri Hakan Fidan və ya Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Dəməşqdə Mazlum Abdi ilə görüş təklif edib.
Qeyd olunub ki, Abdinin yüksək səviyyəli türk rəsmiləri ilə görüşü bu gün Dəməşqdə başlaması planlaşdırılan danışıqların nəticələrinə görə formalaşacaq.