ABŞ husilərə mühüm mesajı ehtiva edən məktub göndərib
Yəmənin Ənsarullah hərəkatı ABŞ tərəfindən mühüm mesajı ehtiva edən bir məktubun onlara göndərildiyini bildirib.
SalamNews xəbər verir ki, bu barədə “Yəmənin Ali Siyasi Şurası”nın (paytaxt Səna) baş üzvü Məhəmməd Əli əl-Husi tvitter səhifəsi vasitəsilə məlumat verib.
O bildirib ki, ABŞ tərəfi vasitələrlə Yəmənə məktub göndəriblər və bu məktub mühüm mesaja malikdir.
Onun sözlərinə görə ABŞ tərəfi bildirib ki, “Vaşinqtonun şərtlərinə əməl edilməlidir və Səudiyyə Ərəbistanı razı olsa belə və ABŞ razılıq verməsə sülh baş tutmayacaq.”
Məhəmməd Əli əl-Husi bildirib ki, bu məktub onu göstərir ki, Yəmənə qarşı müharibə əslində ABŞ tərəfindən aparılır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. BMT mənbələri bu müharibəyə görə və onunla bağlı səbəblərdən 230 min insanın həlak olduğunu bildiriblər.