ABŞ-ın Suriyadakı qərargahından sonra İraqda yerləşən qərargahı da raketlərlə hədəfə alınıb
Suriyada Fəratın şərqində əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ qərargahının raketlər və mərmilərlə hədəfə alınmasından bir gün sonra Bağdadda ABŞ qüvvələrinin yerləşdiyi “ən-Nəsr” hərbi qərargahı da hədəfə alınıb.
SalamNews xəbər verir ki, bu barədə İraqın Sumariya agentliyi hərbi mənbələrə istinadla xəbər verir.
Bildirilib ki, bu gün sübh Bağdadın qərbində ABŞ qüvvələrinin (hərbi müşavirlər) olduğu “ən-Nəsr” hərbi qərargahına katyuşa reketləri atılıb.
Bu hücum nəticəsində xəsarət alan olmayıb.
Ötən gün isə Suriyada Fəratın şərqində yerləşən əl-Ömər neft yatağının yaxınlığındakı ABŞ qərargahına raket və mərmilər atılıb.
ABŞ koalisiyası rəsmi tvitter hesabında bildirib ki, bu hücuma artileriyadan cavab verilib.
İki gün öncə isə ABŞ qüvvələrinin (hərbi müşavirlər) olduğu İraqın Eynul-Əsəd bazasına (əl-Ənbar əyaləti) PUA-larla hücum edilmiş və bu PUA-ların qarşısı alınmışdı.
Bu hücumları heç bir qrup üzərinə götürməyib.
SalamNews.org