ABŞ İraqa zərbə endirməsi ilə bağlı xəbərləri təkzib edib

Amerika Birləşmiş Ştatları ordusunun İraqda hava hücumları təşkil etdiyinə dair yayılan xəbərləri təkzib edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“ABŞ-ın bu gün İraqa hava zərbələri endirdiyi barədə xəbərlərdən məlumatlıyıq. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqa hava hücumu həyata keçirməyib”, – bəyanatda deyilir.
Bundan əvvəl bir sıra KİV-lər, o cümlədən “Reuters” mənbələrə istinadən xəbər verib ki, aprelin 19-da axşam saatlarında İranyönlü “Əl-Həşd Əş-Şaabi” yaraqlılarının Bağdaddan 50 km cənubda istifadə etdiyi Kalsu hərbi bazasında partlayışlar baş verib. Qeyd olunub ki, hərbi bazaya hava zərbəsi endirilib.