ABŞ İsrail ilə “Hizbullah” hərəkatı arasında atəşkəs layihəsini hazırlayıb
Birləşmiş Ştatlar İsraillə radikal “Hizbullah” hərəkatı arasında atəşkəs planı layihəsini hazırlayıb.
Bu barədə “Financial Times” (FT) qəzeti xəbər verib.
Layihə ilkin olaraq 60 günlük hərbi əməliyyatların dayandırılmasını və livanlı döyüşçülərlə İsrailin hərbi qüvvələrinin Livanın cənubundan çıxarılmasını nəzərdə tutur.
Eyni zamanda, qəzetin məlumatına görə, təklif İsrailin Müdafiə Ordusu üçün “Hizbullah” mövqelərinə müdafiə məqsədilə zərbə endirmə hüququnu və Livan üzərində kəşfiyyat uçuşlarına davam etməyi təmin edir.
Qəzet ABŞ nümayəndələri Amos Hohştayn və Brett Makqurkın Təl-Əvivə gəlməsindən bir neçə saat əvvəl, sənədin layihəsinin sızdırıldığını və jurnalistlərin əlinə keçdiyini bildirir.
Amerikalı rəsmilər sənədin həqiqiliyini təsdiqləsələr də, sızan layihənin bir qədər köhnə olduğunu və dəyişikliklərin olunduğunu bildiriblər. Layihəyə əsasən, ABŞ, razılaşmanın icrasının monitorinqində daha fəal rol oynayacaq, bununla da ilk iki aylıq keçid dövrünü beynəlxalq “monitorinq və məcburetmə mexanizmi”nə rəhbərlik edərək həyata keçirəcək.