ABŞ Səudiyyə Ərəbistanında Yəmən müttəfiqlərinə təlim keçir
Qətər ABŞ-ın Səudiyyə Ərəbistanında Yəməndəki müttəfiq qruplara gizli təlim verdiyini və yəmənli pilotların da bu prosesə hazır olduğunu açıqlayıb.
Qətər mediası ABŞ-ın Yəməndəki müttəfiq qruplar üçün gizli təlim proqramına başladığını açıqlayıb.
Arabi21 -in mənbələrinə görə, bu təlimlər Səudiyyə Ərəbistanında keçirilir və yəmənli pilotların təlimini əhatə edir.
Mənbələr bu təlim proqramından keçən döyüşçülərin bölgədə yarana biləcək gərginlikdə istifadə edilmək üçün hazırlandığını iddia edib.
Həmçinin bu təlimlərdə Amerika qüvvələrinin də iştirak etdiyi və bütün prosesin böyük məxfilik şəraitində aparıldığı bildirilib.
Bu xəbər ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri və qoşunlarını Yəmən sərhədinə yerləşdirməyə hazırlaşdığı iddiaları gündəmə gələndən bir gün sonra ortaya çıxıb.
Eyni zamanda, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq Yəmən müharibəsinin yanvar ayından etibarən dalana dirəndiyini bəyan edib.
Lakin Qətərdən qaynaqlanan bu sızıntıların əslində atılan addımları əks etdirdiyi, yoxsa Səna ilə Ər-Riyad arasında mümkün yaxınlaşmaya kölgə salmaq üçün media manipulyasiyası olub-olmadığı hələ aydın deyil.
Ötən günlərdə ABŞ Mərkəzi Komandanlığı komandanı general Maykl Korellanın Körfəz ölkələrini əhatə edən səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlməsi ilə Yəmən faylı yenidən gündəmə gəlib.
General Korellanın səfəri zamanı toplantıya koalisiya qüvvələrinə bağlı qrupların Baş Qərargah rəisi Sağir bin Əzizin də dəvət edildiyi bildirilib.