Aİ: Ağdam yolundan istifadə təcili və gündəlik ehtiyaclarla bağlı təchizat üçün davamlı həllin bir hissəsi ola bilər

Aİ: Ağdam yolundan istifadə təcili və gündəlik ehtiyaclarla bağlı təchizat üçün davamlı həllin bir hissəsi ola bilər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, cənab Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib.

“Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır”, – deyə bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib.

“Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.

Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”, – deyə bəyanatda bildirilib.

Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

“Paralel olaraq, müzakirələr, həmçinin, Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib. Fövqəladə vəziyyətdən əlavə, Aİ tərəfi uzunmüddətli dayanıqlı həllə nail olmağı asanlaşdırmaq üçün münaqişənin irsinə (keçmişinə) baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır. Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var. Bu məqsədlə Aİ bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün yerdə – regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib. Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə İrəvan arasında münasibətlərin yerdəki bütün əhalinin rifahı naminə birdəfəlik normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda indi cəsarətli kompromis həllərin vaxtıdır. Aİ bütün bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm təmaslar və hazırkı qeyri-davamlı vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadilələri apararaq məşğul olub”, – deyə bəyanatda qeyd olunur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =