Ali məktəb tələbələri kirayə ev tapa biləcəkmi?
Sentyabrın 29-dan Azərbaycandakı, o cümlədən paytaxt Bakıdakı ali məktəblərdə tədrisə start veriləcək.
Həmişə olduğu kimi, bu il də minlərlə gənc ali təhsil almaq üçün yaşadığı yeri müvəqqəti tərk etməli, kirayədə qalmaq üçün yer axtarmalı olacaq.
Bu isə kirayə mənzil bazarındakı vəziyyətə təsirsiz ötüşməyə bilməz.
Daşınmaz əmlak bazarı üzrı ekspert Elnur Fərzəliyev deyir ki, artıq xeyli sayda tələbə Bakıda və digər böyük şəhələrdə ev axtarışına başlayıb. Amma tələbələr üçün yararlı olan fərdi həyət evlərinin və qiyməti nisbətən aşağı olan bina evlərinin sayında çox ciddi azalmalar var: “Bu, əsasən onunla əlaqədardır ki, pilot layihələr hesabına köhnə həyət və bina evləri sökülür. Bu da qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən evləri sökülən sakinlər yeni mənzil ilə təmin olunana qədər minimum 2 il kirayədə qalmalı olurlar. Bu da bir tərəfdən ev qıtlığına səbəb olur. Köhnə binalar sökülərək yerində yeni binalar tikilərkən həmin binalarda qiymətlər köhnə binalardakı qiymətlərlə eyni olmur. Onların arasında demək olar iki dəfəyə qədər fərq var”.
E.Fərzəliyev köhnə binalarda 1 otaqlı mənzilin aylıq kirayə qiymətinin 300 manatdan başladığını bildirir: “Tələbələr üçün yararlı olan Bakının Yasamal rayonunda, metronun “Elmlər akademiyası, “İnşaatçılar” və “20 yanvar” tansiyalarına yaxın ərazilərdəki köhnə binalarda əvvəl 250-300 manata 1otaqlı ev tapmaq olurdusa, bu gün onların qiyməti 300 manatdan başlayır və tapmaq daha da çətinləşib. Tələbələr Yasamal rayonu ilə paralel Nərimanov rayonunda da evlər kirayə götürür. Çünki orada da bir neçə ali təhsil müəssisəsi var. Nərimanov rayonunda da artıq 4 ildən çoxdur ki, pilot layihələr ilə söküntü işləri aparılır. Orda yerləşən Təbriz küçəsi istiqamətindəki ucuz həyət evlərinin sökülməsi ucuz kirayəlik həyət evlərinin bazardan çıxmasına səbəb olub. Bu baxımdan tələbələr üçün bu il problem daha ciddidir. Məcburən tələbələr Bakı ətrafına, Binəqədi rayonuna, Xırdalana və Abşeronun digər ərazilərinə üz tuturlar”.
Ekspertin sözlərinə görə, yeni tikili binalarda isə 1 otaqlı mənzilin aylıq kirayə qiyməti 500 manatdan başlayır: “Bu gün aşağı qiymətə olan mənzillərin sayında məhdudluq olsa da, bahalı, yeni binalardakı kirayəlik mənzillərin böyük əksəriyyəti boş vəziyyətdədir. Bu, da keçən il pandemiya ilə əlaqədar xarici ölkələrdən gələn tələbələrin öz ölkələrinə dönməsinin nəticəsidir. Təbii, bu gün o mənzillər tələbə və yerli sakinlər üçün əlçatan deyil. Çünki yeni binalarda 1 otaqlı mənzilin aylıq kirayə qiyməti 500 manatdan başlayır. 2 otaqlıların qiyməti 600-700, 3 otaqlıların qiyməti isə 800 manatdan başlayır və 1500 manata qədər dəyişir. Halbuki, köhnə binalarda 1 otaqlı evlərin kirayə qiyməti təxminən 300 manatdan, 2 otaqlıların 350-400 manatdan, 3 otaqlıların isə 400-600 manatdan başlayır. Fərdi həyət evlərində isə qiymətlər fərqlidir. Paytaxtda ümumi həyətlərdə 1 otaqlı mənzilin aylıq kirayə qiyməti 150-200 manat, şəhər ətrafında, Abşeronda isə 100-150 manat aralığında olur”.
Report