Alimlər insanların hansı yaşdan etibarən daha sürətlə qocalmağa başladığını müəyyən ediblər

Uzun müddət insan qocalması tədricən baş verən proses hesab edilsə də, beynəlxalq alimlər qrupu sübut edib ki, həyatımızda orqanizmin kəskin molekulyar dəyişikliklərə məruz qaldığı iki əsas yaş dövrü var.
“Report” “Nature Aging”ə istinadən xəbər verir ki, birinci sıçrayış orta hesabla 44 yaşda, ikincisi isə 60 yaşda baş verir. Bu dövrlər zülalların, lipidlərin, RNT-nin və mikrobiomun tərkibində qlobal dəyişikliklərlə müşayiət olunur.
Tədqiqat 108 könüllünün bir neçə il ərzində müşahidə olunmasına əsaslanır.
Nəticələr göstərib ki, 44 yaşda lipid, kofein və spirtli içkilərin metabolizmində nəzərəçarpacaq dəyişikliklər baş verir, eləcə də ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyalarının pozulması riski artır. 60 yaşda isə dəyişikliklər karbohidrat mübadiləsinə, immun sisteminə, böyrəklərə təsir edir və ürək xəstəlikləri riskini daha da gücləndirir.
Vacib məqam odur ki, bu dəyişikliklər həm kişilərdə, həm də qadınlarda müşahidə olunur, bu da onların yalnız menopauza ilə bağlı olmadığını sübut edir.
Alimlərin fikrincə, bu kəşf yaşlanmaya bağlı xəstəliklərin qabaqlanması və gəncliyin uzadılması strategiyalarına ciddi təsir göstərə bilər. Bununla belə, tədqiqat müəllifləri bildirirlər ki, bu kəskin dəyişikliklərin mexanizmlərini daha dərindən anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.