Almaniyanın xarici işlər naziri Dəməşqə gedir

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Dəməşqə gedir.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Almaniya XİN başçısı fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya gedir.
O, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcək.
“Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib.
Almaniya XİN başçısı Suriya ilə bağlı qarşıya qoyulan qoyulan hədəfdən də danışıb:
“İndi qarşımızda milyonlarla suriyalının da arzuladığı bir məqsəd var. Bu, Suriyanın yenidən beynəlxalq ictimaiyyətin hörmətli bir üzvünə çevrilməsidir”.
Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.