Almaniyanın XİN başçısı İsrailə silah embarqosunun əleyhinə çıxıb

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrailə silah embarqosuna qarşı çıxıb.
“Report”un EFE agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik rəhbəri bu barədə İspaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
“Heç bir ölkə, o cümlədən Almaniya hazırkı vəziyyətin (İsrailin Qəzza zolağındakı hərəkətləri – red.) məqbul olduğunu və ona bundan sonra da dözülə biləcəyini demir”, – Vadeful bildirib.
Lakin onun sözlərinə görə, xarici təhdidlər fonunda İsrailin təhlükəsizliyinin təmin edilməsi Almaniya üçün dövlət siyasətinin əsası olaraq qalır.
“Bura, sözsüz ki, gələcəkdə silah (İsrailə – red.) tədarük etməyə hazır olmaq da daxildir”, – o bildirib.
Bundan əvvəl Bundestaqın Sosial Demokrat Partiyası fraksiyasından hakim koalisiyaya daxil olan bir qrup deputatı Fələstin anklavındakı vəziyyətlə əlaqədar Almaniya hakimiyyətindən İsrailə silah ixracını dayandırmağı tələb edib.