Amerika HƏMAS hərəkatı ilə Suriya arasında münasibətlərin bərpasından narahatdır
ABŞ Dövlət Departamentinin sözçüsü Suriya prezidentinin Fələstin HƏMAS hərəkatının liderləri ilə görüşünü tənqid edərkən, bu münasibətlərin “terrorla mübarizə səylərinin zəifləməsinə” səbəb olduğunu iddia edib.
ABŞ Dövlət Departamenti cümə günü (21 oktyabr) Dəməşq ilə İslami müqavimət hərəkatı “Həmas” arasında əlaqələrin bərpasına hücum edərək, bunun “Fələstin xalqının maraqlarına zərər verdiyini” iddia edib.
Əl-Mayadin saytının məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iddia edib ki, Suriya prezidentinin HƏMAS-ın siyasi heyətini qəbul etməsi Fələstin xalqının mənafeyinə zərər verir və regionda və onun hüdudlarından kənarda terrorizmlə mübarizə üçün qlobal səyləri zəiflədir.
Çərşənbə günü (19 oktyabr) Suriya prezidenti Bəşər Əsəd Fələstin HƏMAS hərəkatının liderlərindən ibarət siyasi nümayəndə heyəti ilə görüşüb və onlarla fələstinli qruplar arasında barışıq danışıqlarının nəticələrini müzakirə edib. Bu görüş 2012-ci ildən sonra ilk dəfə keçirilib.
Eyni şəkildə, Suriya prezidenti Bəşər Əsədlə Dəməşqdə görüşdükdən sonra Fələstin qüvvələri və qruplaşmaları verdiyi bəyanatda “müqavimət variantının fələstinlilərin hüquqlarının bərpasının yeganə yolu olduğunu” vurğulayıblar.
Qəzzədə HƏMAS hərəkatının baş katibinin müavini Xəlil Əl-Həyyə də təsdiqləyib: “Prezident Əsədlə görüş uğurlu keçib və buna görə də biz Suriyada və Dəməşqlə birlikdə xalqımıza dəstək olmaq üçün mövcudluğumuzu və fəaliyyətimizi davam etdirəcəyik.”
HƏMAS hərəkatının uzun illər Dəməşqdəki fəaliyyətini dayandırdıqdan sonra sentyabrın 15-də Suriya ilə əlaqələrini bərpa edəcəyini bildirdikdən sonra, bu bəyanat Fələstinin daxilində və xaricində fəal müqavimət qrupları tərəfindən müsbət qarşılanıb.