Amerika Həşdi Şəbinin İŞİD-ə qarşı əməliyyatına mane olub

İraq təhlükəsizlik rəsmisi bildirib ki, ABŞ hərbçiləri Həşdi Şəbi qüvvələrinin Əl-Ənbar vilayətində İŞİD-ə qarşı əməliyyatının qarşısını alıb.
İraqın təhlükəsizlik rəsmisi Əl-Məluma saytına bildirib ki, Əynul-Əsəd bazasında yerləşən Amerika ordusu Xalq Səfərbərlik Qüvvələrini təhdid edərək, onların İŞİD terrorçularına qarşı əməliyyatlarının qarşısını alıb.
Adını açıqlamayan İraq rəsmisi bu əməliyyat həyata keçiriləcəyi təqdirdə amerikalıların Həşdi Şəbi qüvvələrini hədəf alacaqları barədə xəbərdarlıq etdiklərini və həmin səbəbdən əməliyyatın başqa bir tarixə təxirə salındığını bildirib.
Qeyd edilən təhlükəsizlik rəsmisinin sözlərinə görə, bu əməliyyat Əl-Ənbar vilayətinin qərbində və Suriya sərhədlərinə yaxın “Vadi Huran” bölgəsində aparılmalı idi və İŞİD komandirləri və ünsürlərinin hərəkətləri barədə ətraflı məlumat toplanılmışdı.
O, həmçinin bildirib ki, Amerika ordusu “Vadi Huran” bölgəsində İŞİD terrorçularının sayının artdığını yaxşı bilir, lakin heç bir tədbir görmür və eyni zamanda İraq qüvvələrinin əməliyyatlarına mane olur.
Yeri gəlmişkən, İraqın Birgə Əməliyyat Qərargahı bu ərazinin İŞİD terrorçularından təmizlənməsini Həşdi Şəbi qüvvələrinə həvalə edib. Ötən şənbə günü Həşdi Şəbi təhlükəsizlik əməliyyatına başlamaq üçün Suriya sərhədi yaxınlığındakı səhra ərazilərə ağır texnika və silah göndərdiyini açıqlamışdı.
Bununla bağlı İraqın Baş naziri Məhəmməd Əs-Sovdani dünən “Wall Street Journal”a müsahibəsində deyib ki, Suriya sərhədindən ölkəyə daxil olan terrorçular İraq üçün təhlükə mənbəyidir.