Ankara ilə Tel-Əviv münasibətləri istiləşib: Türkiyə səfiri etimadnaməsini təqdim edib
İsrailin Türkiyədəki səfiri etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim etdikdən 15 gün sonra, Ankara səfiri də etimadnaməsini Tel-Əvivə təqdim edib.
Sionist rejimin prezidenti İshaq Hersoq bir mərasimdə Türkiyənin işğal olunmuş Fələstindəki səfirinin etimadnaməsini qəbul etdiyini açıqlayıb.
İshaq Hersoq bu barədə Twitter-də yazıb: “Cənab səfir Şakir Özkan Torunlar, İsrailə xoş gəlmisiniz!”
O, Ankaraya səfəri zamanı Rəcəb Tayyib Ərdoğan ilə 2022-ci ildəki görüşünü xatırladaraq əlavə edib: Əminəm ki, keçən il Ankaraya rəsmi səfərim zamanı Prezidentin iqamətgahında İsrailin himnini eşitmək məni təsirləndirdiyi kimi, burada da Türkiyə himnini eşitmək sizi təsirləndirmişdir.”
Hersoq əlavə edib: “Əlaqələrimizi gücləndirmək və İsrail ilə Türkiyə arasında tarixi əlaqələri inkişaf etdirmək missiyanızda sizə uğurlar arzulayıram.”
Yanvarın əvvəlində Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edən sionist rejimin Türkiyədəki səfiri İrit Lilian Tvitter səhifəsində Ankaranın yeni səfirini işə başlaması münasibətilə təbrik edib.
Türkiyədə HƏMAS rəhbərlərinə qarşı məhdudiyyətlər qoyulması ilə bağlı bəzi xəbərlər manşet olduğu bir şəraitdə Türkiyə səfirinin etimadnaməsi sionist rejim prezidentinə təqdim edilib.
İbrani qəzeti “Haaretz” iddia edib ki, Tel-Əviv və Ankaranın yaxınlaşmasından və iki tərəf arasında səfir mübadiləsindən sonra Türkiyə hakimiyyəti Fələstin İslami Müqavimət Hərəkatının liderlərinə məhdudiyyətlər qoyub.
HƏMAS-ın sözçüsü isə sionist rejim mediasında bu hərəkatın liderlərinin Türkiyədə fəaliyyətinə məhdudiyyətlər qoyulması ilə bağlı dərc olunan xəbərləri təkzib edib.