APA-nın dövlətə və qələmə xəyanəti!

APA-nın dövlətə və qələmə xəyanəti!

APA AzərTAc və Trend-lə çiyin-çiyinə, dövlətin himayəsində olan KİV-dən biridir. Bəli, əti-qanı Azərbaycan dövlətinin süfrəsindəndir! Bəs SizinYol? Yersiz-yurdsuz, jurnalistikaya həvəsli xaricdə yaşayan tələbələrin informasiya bloku. SizinYolun heç zaman pozmadığı öhdəçiliklər: Azərbaycan-İran münasibətlərində quruculuq, bizi təhqir edənlərlə də nəzakətli olmaq, həssas mövzularda yazılarda istinad. Bəli, SizinYol iki xalq arasında dostluq və qardaşlığa xidmət edir, Sizinyol təhqir etmir, Sizinyol özündən heç nə yazmır. Yəni kimsə Sizinyolda tənqidi yazı görsə, bu yazı istehsal olunmayıb, “kopi-peyst” yazıdır. Bir sözlə, biz ana dilimizdə mətbuatın ayağa qalxmağa çalışan körpəsiyik. Keçək APA-ya…
APA Azərbaycan hökumətinin vuran əlidir desək yanılmarıq. Bu media qurumu hakimiyyətə qarşı olanları cəzalandırmaqda birincidir. Hətta dövlət başçılarını təhqir etməkdən çəkinmir. Təbii ki, sifarişlə hücuma keçən APA yalan və böhtan kimi əxlaqsız silahlardan da istifadə edir. APA-nın hədəfi olanlar düşünür ki, bu holdinq sözə xəyanət edir. Deyilənlərə necə inanaq? Yoxsa APA həqiqəti deyir və onu muzdur, xəyanətkar adlandıranlar haqsızdır? Azərbaycan mətbuat tarixində “APA-nın bağlanması” adlı hadisə var. Bəlkə də bu hadisəni, onun ətrafında mülahizələri dinləmək APA-nın mahiyyəti ilə tanışlıq üçün bəs edər. Beləcə, APA bağlandı! 2004-cü il noyabrın 16-dan fəaliyyət göstərən “Azəri Press Agentliyi” və ya qısa olaraq APA heç gözlənilmədən, 2018-ci il avqustun 2-də bağlandı – bu barədə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı məlumat verdi. Nə baş verir. Rəsmi açıqlamaya görə APA prezidentin çıxışını təhrif edib. Prezident deyib ki, Azərbaycan Ermənistanın sarsılması üçün əlindən gələni edəcək. APA nə yazıb? APA adəti üzrə şou yaratmağa cəhd edib və prezidentin adından “Biz Ermənistanı çökdürəcəyik” – yazıb!! APA buna görə bağlana bilərdimi? Bəziləri buna şübhə ilə yanaşsa da, mümkündür. Nəinki prezident, adi vətəndaşın da çıxışında sözləri dəyişmək olmaz. Demək, APA ən azı özbaşına mətbuat orqanıdır. Amma “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “Kulis.az”, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC-nin daxil olduğu “APA Holdinq”in bağlanması bütün tanıyanları heyrətləndirdi.

Heydər Oğuz: Azərbaycan jurnalistikasının ən yaxşı qələmlərini zərərsizləşdirmək üçün hakimiyyətin bir neçə il əvvəl yaratdığı və “sus payı” verdiyi informasiya agentliyi (APA) neftin qiymətinin aşağı düşməsilə başlayan son böhran zamanında iri məmurların çiynində əlavə yükə çevrilmişdi. İttiham ciddidir: Azərbaycan jurnalistikasının ən yaxşı qələmlərini zərərsizləşdirmək üçün yaradılmış informasiya agentliyi! APA-nın bağlanmasından bir sutka sonra bu holdinqin vitse-prezidenti və siyasət şöbəsinin başçısı Şahin Cəfərlinin öz “Facebook” səhifəsində analitik şərhi əsil “dövlət çevrilişinə cəhd” sayıla bilər. O yazırdı: “Bir daha aydın olur ki, neftin qiyməti artmasa, məsələn, 50 dolların altında uzun müddət qalsa, bizi fəlakət (bəlkə də kütləvi aclıq) gözləyirmiş. Ərəb qardaşlarımız və Rusiya (OPEC+) sayəsində ən pis ssenaridən xilas olduq. Amma müstəqilliyimizin 27-ci ilində ölkənin taleyinin neft bazarındakı gəlişmələrdən asılı olaraq qalması o deməkdir ki, Azərbaycanı hələ ki oturuşmuş, baş tutmuş dövlət saymaq olmaz”. Eynulla Fətullayev bu “inqilabi çıxış” barədə yazdı: Hökumət agentliyinin rəhbərlərindən birinin bu fikirləri şok və çaşqınlıq yaradır: “Şahin Cəfərli müxalifət liderləri ilə eyni “həqiqətlərdən” danışır. Bu “analitik nəticə”nin müəllifinin adının üstünü örtsək, həmin mətni Əli Kərimlinin, yaxud müxalifətçi bloger Xədicə İsmayılovanın məqaləsindən bir parça kimi təsəvvür etmək mümkündür. Bu həmin Cəfərlidir ki, deyir: “Azərbaycanı Şimali Koreyanın boşaltmaqda olduğu müqəddəs yerə oturtmaq cəhdlərini müşahidə etmək üzücüdür!!” Bravo deməkdən başqa yol qalmır. Demək, APA-nın həm də dövlətə xəyanət üzü var! Hörmətli APA! Ölkə daxilində və xaricdə fəaliyyət göstərən media qurumlarını vuranda insaflı ol. Çünki sübuta yetdi ki, APA da vurula bilər. Sevinc Osmanqızı APA-dan danışanda Heminqueyin “Zəng çalınanda demə kimin üçün çalınır” sözlərini yada saldı. Bəli, zəng hamı üçün çalına bilər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 3 =