Asiyadan ölkəmizə daxil olan BÖYÜK TƏHLÜKƏ: Əgər qarşısı alınmasa…
Ümumiyyətlə, hazırda Azərbaycan əmək bazarında həqiqətənmi bu cür işçi qüvvəsinə ehtiyac var? Əcnəbilərin ölkəmizə bu cür axını əmək bazarımıza necə təsir edəcək? Öz əmək bazarımızı qorumaq üçün hansı addımları atmalıyıq?
Mövzu ilə bağlı Publika.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, Azərbaycanın əmək bazarına xarici ölkələrdən xeyli işçi qüvvəsinin daxil olması tənzimlənməyən əmək miqrasiyasıdır.
“Bunun 10 il əvvələ nisbətən qarşısı əhəmiyyətli dərəcədə alınıb. Amma yenə də var. Bu isə təbii olaraq əmək bazarını gərginləşdirir. Çünki bizdə işçi qüvvəsi onsuz da çoxdur. Azərbaycan özü xaricə işçi qüvvəsi ixrac edən ölkədir. Digər tərəfdən, xarici ölkə vətəndaşları qeyri-leqal surətdə ölkəmizin əmək bazarına daxil olurlar”.
S.Məmmədovun sözlərinə görə, əcnəbilərin qanunsuz formada ölkəmizin əmək bazarına daxil olması vəziyyəti gərginləşdirir:
“Üstəlik, onlar heç bir yoxlamadan keçmirlər. Nə tibbi arayışları var, nə də təhlükəsizlik qaydalarına əməl edirlər. Turist vizası ilə gəlirlər və bu şəkildə də ölkədə qalırlar. Bu, çox ciddi məsələdir və qarşısı alınmalıdır. Miqrasiya orqanları, Dövlət Sərhəd Xidməti, daxili işlər orqanları reydlər keçirməli və ölkəmizə sığınan bu cür xarici ölkə vətəndaşlarını müəyyənləşdirməlidirlər. Əgər onların ölkədə qalması və çalışması qanunsuzdursa, deportasiya edilməlidir. Bunun başqa bir yolu yoxdur. Bu, təkcə əmək bazarımızı qorumaq üçün atılması labüd olan addım deyil, eyni zamanda, Azərbaycanda qanunsuz olaraq qalırsa, qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olursa, bunun bizim üçün bir çox zərərləri var”.
Sahib Məmmədov əlavə edib ki, ölkəmizdə qeyri-qanuni məskunlaşan və çalışan miqrantlar bir sıra təhlükəsizlik məsələlərinə əməl etmirlər:
“Onlar xüsusi riskli xəstəliklərin yayılması və digər bir çox hallarla bağlı vətəndaşlarımız üçün böyük təhlükədirlər. O cümlədən, əmək bazarına daxil olurlar, vergi və rüsum ödəmirlər və s. Ölkədə olma və müvəqqəti yaşama qaydalarını pozurlar ki, bu da qəbuledilməzdir”.
Publika.az