Avropa çempionatı: Azərbaycanın üç güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medal qazanmaq şansını davam etdirirlər.

Yarışa 1/4 finaldan başlayan Elmir Əliyev türkiyəli Mert İlbarsı çətinliklə üstələyib. O, final yolunda Dmitri Xaçidze (Gürcüstan) ilə qarşılaşacaq.

Qurban Qurbanov təsnifat mərhələsindən etibarən ardıcıl olaraq Luka Malobabiç (Xorvatiya), İqor Botez (Rumıniya) və Yoni Komppanı (Finlandiya) məğlubiyyətə uğradıb. Qurbanovun da yarımfinaldakı rəqibi Gürcüstan təmsilçisi olacaq. Güləşçi Giorgi Çxikvadze ilə münasibətlərinə aydınlıq gətirəcək.

Murad Əhmədiyev isə 1/8 finaldan yarışa qoşulub. O, əvvəlcə serbiyalı Luka Katiçə, daha sonra isə ukraynalı Aleksandr Yevdokimova qalib gəlib. Əhmədiyev yarımfinalda Almaniya idmançısı Lukas Lazoqianislə görüşəcək.

67 kq çəki dərəcəsində yarışan Həsən Məmmədli 1/8 finalda Mixail Portmannı (İsveçrə) üstələsə də, növbəti raundda türkiyəli Mustafa Yıldırıma məğlub olub. Türkiyə təmsilçisi finala yüksəlsə, Məmmədli bürünc medal şansını davam etdirəcək.

İsmayıl Rzayev (82 kq) isə ilk görüşündəcə 1/8 final çərçivəsində Norveç təmsilçisi Eksaus Mukubuya yenilib. Yarımfinala qədər irəliləyən Mukubu finala adlasa, Rzayev təsəlliverici görüşdə mübarizə aparacaq.

Bu gün təsəlliverici görüşə qatılan Sərxan Məmmədov (130 kq) rumıniyalı Gean Aliyə qalib gəlib. Məmmədov bürünc medal uğrunda Muhammet Bakırla (Türkiyə) duelə çıxacaq.

Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli isə bu gün həlledici görüşdə moldovalı Aleksandrin Qutunu sınağa çəkəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − six =